0%

Tək bir kod sətri interneti necə çökdürdü? Cloudflare problemi və qlobal kəsinti

Tarix:
9 dekabr 2025
Baxış:
201
Yazar
Tək bir kod sətri interneti necə çökdürdü? Cloudflare problemi və qlobal kəsinti

Tək bir kod sətri bütün internetin çökməsinə səbəb ola bilərmi? Normalda bir sayta daxil olduqda həmin saytın yerləşdiyi serverə sorğu göndərilir və server məlumatları geri ötürür. Amma proses göründüyü qədər sadə deyil. Əgər bir sayta DDOS hücumu edilərsə, eyni anda çox sayda sorğu göndərilir və server bu yükə tab gətirməyib dayanır. Bəzən də botlar bütün məlumatları səssiz şəkildə skan edib oğurlamağa çalışır. Məhz buna görə saytlar Cloudflare kimi xidmətlərdən istifadə edir.

Bu zaman səninlə sayt arasında qoruyucu təbəqə yaranır. Göndərilən sorğu analiz edilir və hücum əlaməti varsa bloklanır. Bununla yanaşı Cloudflare yalnız təhlükəsizlik deyil, sürət optimizasiyası da təmin edir. Sıx ziyarət olunan səhifələr dünyanın müxtəlif nöqtələrindəki CDN serverlərində saxlanılır və istifadəçi ən yaxın nöqtəyə yönləndirilir. Beləliklə sayt daha sürətli yüklənir.

Bəs əgər bu aralıq təbəqə çöksə? O halda əsas sayta çıxış mümkün olmur. Son günlər baş verən də məhz bu idi və internetin böyük bir hissəsi əlçatmaz oldu. Üstəlik buna səbəb sadəcə bir kod sətri idi.

Cloudflare daxilində botları aşkarlayan xüsusi algoritm mövcuddur. Bu sistem hər 5 dəqiqədən bir yenilənir və təxminən 60 parametr əsasında botları müəyyən edir. Bu sayədə yeni yaranan botlar belə davamlı şəkildə aşkar olunur. Sistem Rust proqramlaşdırma dili ilə yazılıb və daxilində müəyyən yuxarı limit mövcud idi. Yəni sistem işləyərkən maksimum 200 parametr üçün yaddaş ayırır və bu sahəni doldururdu. Bu isə RAM istifadəsini azaldır və performansı artırırdı.

Əsas problem isə Rust dilindəki unwrap tipində idi. Bu struktur dəyər varsa geri qaytarır, əgər dəyər yoxdursa panic yaradıb proqramı çökdürür. Yəni dəyərin boş gəlməməsi mütləqdir. Problem də məhz burada ortaya çıxdı. Son yeniləmə ilə birlikdə artıq 200-dən çox parametr gəlməyə başladı və limit aşılınca unwrap xətaya səbəb olaraq panic yarandı. Nəticədə sistem server tərəfli xəta verdi və istifadəçilər sayta daxil olmağa çalışarkən “müvəqqəti xəta, yenidən cəhd edin” mesajı ilə qarşılaşdılar.

Bu hadisədən X (Twitter), Visa, ChatGPT kimi iri platformalarla yanaşı, bir çox beynəlxalq xidmətlər də təsirləndi. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların, dövlət qurumlarının və özəl təşkilatların veb-saytlarında da müvəqqəti əlçatmazlıq və bağlantı problemləri müşahidə olundu. İnternetin müxtəlif sahələrində yaranan bu kəsintinin səbəbi isə sadəcə tək bir kod sətri idi.

arrow Up